Vətən müharibəsi zamanı məcburi köçkün ailələrindən olan,
doğulduqları torpaqların həsrəti ilə yaşayan hərbi qulluqçular da döyüş
əməliyyatlarında fəal iştirak etmiş və üzərilərinə düşən vəzifələri şərəflə
yerinə yetirmişlər. Füzuli rayonundan məcburi köçkün gizir Şiraz Həsənov Vətən
müharibəsində torpaqlarımızın işğaldan azad edilməsində igidlik göstərib.
Birinci Qarabağ müharibəsi zamanı ailəsini doğma torpaqdan didərgin salan
düşməndən intiqamın alınacağı günü Şiraz səbrsizliklə gözləyib.
Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atası Elburus Həsənov,
dayısı İsmayıl Həsənovun döyüş yolunu Şiraz şərəflə və ləyaqətlə davam etdirib.
1983-cü il aprelin 26-da Füzuli rayonunun Qaraxanbəyli kəndində
anadan olan hərbi qulluqçumuzun xidmət yolu zəngin və çoxşaxəlidir. O, 2001-ci
ilin oktyabr ayından 2003-cü ilin aprel ayınadək Müdafiə Nazirliyinin “N” saylı
hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. 5 ilə yaxın daxili işlər
orqanlarında polis serjantı kimi xidmət edib. Daxili Qoşunlarda hərbi xidmətə
2008-ci ilin aprel ayından Bakıda yerləşən “N” saylı hərbi hissənin xüsusi
təyinatlı dəstəsində başlayıb. 2012-ci ilin avqust ayında müqaviləsinin vaxtı
bitən qazimiz bir il Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində mühafizəçi
vəzifəsində işləyib.
Xüsusi təyinatlıların sıralarında xidmət etmək onun uşaqlıq arzusu
olduğuna görə yenidən, 2013-cü ilin noyabr ayında qoşunların Bakıdakı “N” saylı
hərbi hissənin xüsusi təyinatlı bölməsində yarımqrup komandiri vəzifəsində
xidmətə qəbul olunub. 2016-cı ilin noyabr ayında isə Daxili Qoşunların
hacıqabul rayonunda yerləşən “N” saylı hərbi hissənin xüsusi təyinatlı
bölməsində eyni vəzifəyə keçirilib.
Vətən müharibəsinədək olan dövrdə gizirimiz 3-cü və 2-ci dərəcəli
“Qüsursuz xidmətə görə” medalları, “Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi” yubiley döş nişanı ilə təltif
olunub.
Bir çox tədris kursunda təhsil alan qazimiz vaxt keçdikcə peşəkarlıq
baxımından daha da püxtələşib. “N” saylı hərbi hissədə “Yarasa” şərti adı
daşıyan xüsusi təyinatlı dəstənin komandiri, “Zəfər” ordeni və “Şuşanın azad
olunmasına görə” medalı ilə təltif edilmiş polkovnik-leytenant Anar Rizvanov
dəstədə yarımqrup komandiri kimi xidmət etmiş gizir Ş.Həsənovun qardaş Türkiyə
Respublikasında keçdiyi kurslarda qazandığı təcrübə, habelə yiyələndiyi
biliklərdən müharibədə məharətlə bəhrələndiyini, düşmənə qarşı cəsurcasına
vuruşduğunu, ümumilikdə, onun öz hərbçi bacarığı, müsbət şəxsi keyfiyyətlərinə
görə silahdaşları arasında hörmət qazandığını vurğuladı.
27 sentyabr 2020-ci il tarixində Azərbaycan Ordusunun Qarabağda
başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində qazimizin anadan olduğu
Füzuli rayonunun Qaraxanbəyli kəndinin azad edilməsi döyüşlərə qatılan
gizirimizdə ruh yüksəkliyi yaradıb. Döyüş yolunun sonu qələbə ilə yekunlaşsa
da, həmin yolun çətinliklərini, ağrı-acılarını o heç vaxt unutmayacaq. Əvvəlcə
Cəbrayıl, Füzuli rayonlarında mövqelərimizin müdafiəsi və ermənilərin
diversiya-kəşfiyyat qruplarının qarşısının alınması üzrə tapşırıqları yerinə
yetirən qazimizin daxil olduğu qrup sonra Şuşaya doğru istiqamət alıb.
Döyüşçülərimiz Şuşaya meşə və dağlıq ərazidən keçərək həmlə etmişlər.
Onlar Hadrutdan Şuşa istiqamətində hərəkət edərkən meşədə düşmənin
minaatanlardan atəşinə məruz qalıblar. Burada bir neçə nəfər hərbi qulluqçumuz
şəhid olub və yaralanıb. Şiraz yaralanmış hərbi qulluqçularımıza ilkin tibbi
yardım göstərib, onlara ağrıkəsici iynə vurub, sarğı və jqutla qanaxmalarını
kəsməyə çalışıb.
Şiraz bildirdi ki, xidmət etdiyi hərbi hissənin bu müharibədə ilk
şəhidi əsgər Nəzir Osmanovdur, ona ilk tibbi yardım göstərilməsinə baxmayaraq,
başından aldığı qəlpə yarasından dünyasını dəyişib.
Mübarizə əzmi qırılmayan hərbi qulluqçularımız yaralı və şəhidlərin
olmasına baxmayaraq, “irəli” əmri ilə düşmənin üstünə şığıyıblar. 2020-ci il
noyabr ayının 4-də Şirazın daxil olduğu və digər qruplar Şuşa-Laçın yolu
üzərindəki yüksəklikdə yerləşən düşmən postlarını alaraq, Şuşaya gedən yolu
nəzarətə götürüblər. Tapşırığa əsasən, Şuşa-Laçın yolunun müdafiəsini digər
qruplara verib, Şuşa-Xankəndi yolu istiqamətində irəliləyiblər. Onlara Şuşadan
Xankəndiyə gedən yolu nəzarətə götürmək və Pənahəli xan qalası tərəfdən Şuşaya
daxil olmaq tapşırığı verilib.
Qazimiz noyabrın 5-dən 8-nə kimi Şuşa ətrafında meşə və dərələrdə,
Şuşa-Xankəndi yolunda gərgin döyüşlərin getdiyini bildirdi. Burada düşmənin
çoxlu sayda texnikası və şəxsi heyəti məhv edilib. O, döyüşçü yoldaşını ölümdən
qurtardığı məqam barədə də danışdı. Tapşırığa əsasən, pusqu qrupuna verilən
gizir Ş.Həsənov və Daxili Qoşunların Hacıqabuldakı “N” saylı hərbi hissəsinin
xüsusi təyinatlısı, pulemyotçu baş çavuş Cavid Mahmudov qoşunların Lənkəran
rayonunda yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlıları ilə birlikdə
Xankəndidən Şuşaya gələn yolu bağlamalı idilər. Şiraz söylədi ki, Xankəndi
istiqamətindən düşmən tanklardan və müxtəlif növ artilleriya ilə bizim
qüvvələri atəşə tuturdu. Düşmən hiylə işlədərək, tankın içinə 2 nəfər diversant
yerləşdirməklə bizim pulemyotçunun olduğu atəş nöqtəsini susdurmaq istəyirdi.
Tankdan düşən diversantlardan birinin baş çavuş C.Mahmudova yaxınlaşdığını
görür. Onu zərərsizləşdirmək üçün Şiraz düşməni dəqiq nişan alıb avtomatı ilə
atəş açaraq məhv edir. Beləliklə, baş çavuş C.Mahmudovu düşmən gülləsinə tuş
gəlməkdən qurtarır. Daxili Qoşunların Hərbi Qospitalında müalicə olunan yaralı hərbi
qulluqçularımızla görüş zamanı qoşunların Lənkərandakı “N” saylı hərbi hissəsinin
xüsusi təyinatlısı çavuş Nicat Əlizadə (hazırda polis orqanında xidmətini davam
etdirir) mənimlə söhbətində Şirazın qorxmazlığı ilə bərabər, həmçinin, döyüşçü
yoldaşlarına münasibətdə yardımsevərliyini vurğuladı: “Noyabr ayının 6-sı
Şuşa-Xankəndi yolunda düşmənin tankdan atəşi nəticəsində mərmi yanımıza düşmüşdü.
Mən özümü qorumaq üçün səngərə tullanarkən qəlpə mənim sol əlimin 2 barmağını
apardı, əlimdəki silahı isə 2 yerə böldü. Mənə dərhal Şiraz ürək-dirək verərək
ilkin tibbi yardım göstərdi. Qanaxmanı dayandırmaq üçün qolumu jqutla möhkəm
bağladı, sonra barmaqlarımın parçalanmasını görməyim deyə əlimi tənziflə
sarıdı”.
Qazimiz noyabr ayının 7-si Pənahəli xan qalasında 120 mm-lik minaatan
mərmisinin partlaması nəticəsində əlindən və qolundan çoxlu sayda qəlpə yarası
alıb. Lakin buna baxmayaraq, yaralı halda həmin gün axşama qədər döyüşçü
yoldaşları ilə birlikdə döyüşü davam etdirib. Şiraz Daxili Qoşunların “N” saylı
hərbi hissəsinin xüsusi təyinatlıları kapitan Ramin Rəhimov və çavuş Elvin
Məmmədovun ona zəruri ilkin tibbi yardım göstərdiklərini minnətdarlıqla
söylədi.
Hərbi qulluqçumuz noyabrın 8-i sanitar maşını ilə Hadruta, sonra
Füzuli Rayon Xəstəxanasına aparılıb. Daha sonra, noyabrın 9-u müalicəsini davam
etdirmək üçün Daxili Qoşunların Hərbi Qospitalına gətirilib.
Azərbaycan
Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə
gizir Şiraz Həsənov “Şuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad
olunmasına görə” medalları ilə təltif edilib.
İki övlad atası olan Şirazın müharibənin od-alovundan keçərək
ailəsinin başına dönməsi doğmaları üçün böyük sevincdir.
kapitan
Sadıq Rəfiyev,
DİN-in Daxili Qoşunlarının zabiti